Müharibənin təxirə salınması, yoxsa real sülh? Uitkof-Əraqçi görüşü Yaxın Şərqdə partlayışın qarşısını ala biləcəkmi?| Rusiyalı analitik izah edir

2026/02/1770356847.jpg
Oxunub: 682     09:46     06 Fevral 2026    
Son həftələrdə beynəlxalq sistem eyni vaxtda bir neçə danışıqlar cəbhəsinin açıldığı aktiv geosiyasi mərhələyə daxil olub. Rusiya-Ukrayna-ABŞ danışıqlarının son raundu yanvarın 23-24-də BƏƏ-nin paytaxtında baş tutub.

Növbəti görüş isə fevralın 4-5-də yenə BƏƏ-nin paytaxtı Əbu-Dabidə keçiriləcək. Artıq bu çərçivədə Nikol Paşinyan və İlham Əliyev görüşüb və danışıqlar aparıblar. Bu fonda dünya Yaxın Şərqdə, xüsusilə İran ətrafında cərəyan edən prosesləri narahatlıqla izləyir. Uzunmüddətli mövqe tutma və təhdidlərdən sonra Uitkof-Əraqçi formatında ABŞ-İran danışıqlarına hazırlıq gedir.

İlkin məlumata görə, danışıqların Türkiyədə keçirilməsi nəzərdə tutulurdu, lakin Qərb mətbuatının yazdığına əsasən, İran tərəfinin xahişi ilə görüşün yeri Omana köçürülüb. Tərəflər aylar əvvəl, 12 günlük müharibə ərəfəsində də məhz orada danışıqlar aparmağa cəhd etmişdilər. ABŞ-nin “Axios” nəşrinin məlumatına görə, ABŞ və İran arasında danışıqlar cümə günü Omanda baş tuta bilər. Bildirilir ki, Tramp administrasiyası İranın danışıqların Türkiyədən Ommana keçirilməsi ilə bağlı xahişinə razılıq verib. “Reuters”in mənbələrinə görə isə İran bu həftə ABŞ ilə danışıqların Türkiyədə deyil, Omanda keçirilməsini tələb edib və yalnız nüvə məsələləri üzrə ikitərəfli danışıqların aparılmasını istəyib. ABŞ isə ballistik raketlər və İranın regiondakı proksi qüvvələrinin fəaliyyəti kimi digər mövzuların da gündəmə salınmasını arzulayır.

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkofla İranın xarici işlər naziri Abbas Əraqçinin görüş yerinin və gündəminin dəyişdirilməsi barədə Tehranın qərarı Vaşinqtonun İranın nüvə proqramı ilə bağlı danışıqlara başlamalı olduğu yönündə təhdidləri fonunda baş verir. Region ölkələri də gərginliyin genişmiqyaslı müharibəyə çevrilə biləcəyindən ehtiyat edərək, problemin diplomatik yolla həllinə çağırır və tərəfləri danışıqlar masasına gətirmək üçün səylər göstərirlər.

Bütün bunların fonunda dünən Qərb mediasında anlaşılmaz və narahatedici bir xəbər yayılıb. “Reuters”in məlumatına görə, ABŞ Silahlı Qüvvələri “Abraham Lincoln” aviadaşıyıcısına yaxınlaşan İran pilotsuz uçuş aparatını vurduqlarını bildiriblər. Nəşrlərə əsasən, insident diplomatların İran və ABŞ arasında nüvə danışıqlarını təşkil etməyə çalışdığı bir vaxtda baş verib və ABŞ prezidenti Donald Tramp razılaşma əldə olunmasa, “pis şeylərin baş verə biləcəyi” barədə xəbərdarlıq etmişdi. ABŞ ordusu bildirib ki, İranın “Shahed-139” tipli pilotsuz uçuş aparatı “naməlum niyyətlə” aviadaşıyıcıya doğru uçurmuş və ABŞ-nin F-35 qırıcısı tərəfindən məhv edilib.

Dünya faktiki olaraq çoxqütblü danışıqlar mərhələsindədir və bir danışıqlar masasında qəbul edilən qərarlar qlobal sabitliyə zəncirvari təsir göstərə bilər. ABŞ prezidenti Donald Tramp mahiyyət etibarilə İrana təhdidlər səsləndirərək, danışıqlar masasında ABŞ-nin şərtlərinin qəbul olunmasını təklif edən şəxs kimi, Ukrayna və Rusiya ilə bağlı proseslərin çox yaxşı getdiyi qənaətini ifadə edib. “Bunu ilk dəfə deyirəm. Düşünürəm ki, yaxşı xəbərlər gözləyə bilərik”, - deyə Tramp bildirib. Eyni zamanda o, Rusiya-Ukrayna münaqişəsinin nizamlanmasının çətin olduğunu bir daha vurğulayıb. Bununla belə, Ağ Ev bu danışıqların Rusiya-Ukrayna böhranının həlli baxımından müstəsna əhəmiyyət daşıdığını açıqlayıb.

Ordu.az-ın məlumatına görə, rusiyalı analitik Konstantin Simonov qeyd edib ki, gözlənilən ABŞ-İran danışıqları mürəkkəb geosiyasi mühitdə baş tutur. Bu şəraitdə Vaşinqton eyni vaxtda Ukrayna müharibəsinin tənzimlənməsi cəhdlərinə, Yaxın Şərqdə güclərin yenidən bölgüsü prosesinə və Çinlə strateji rəqabətin dərinləşməsinə cəlb olunub. Onun sözlərinə görə, bu səbəbdən İran məsələsi hazırda ayrıca problem kimi deyil, çoxqatlı danışıqlar paketinin mühüm tərkib hissəsi kimi nəzərdən keçirilir.


“Məncə, Vaşinqtonun məqsədi İranın nüvə proqramına nəzarətdir, ən yaxşı halda isə genişmiqyaslı hərbi ssenariyə əl atmadan İranın bu proqramdan imtina etməsinə nail olmaqdır. Ən yaxşı ssenari ABŞ-nin məhdud razılaşmaya nail olmağa çalışmasıdır: İran uranın zənginləşdirilməsi səviyyəsini məhdudlaşdıra, bunun müqabilində isə bütün sanksiyaların ləğvi olmadan müəyyən maliyyə və ya neft güzəştləri əldə edə bilər. Ən pis ssenari isə hərbi eskalasiyadır. Tehran üçün bu, hazırda ən əsas istiqamətdir və o, İraq, Suriya, Livan və Yəməndəki təsirindən istifadə edərək özünü regionda əvəzolunmaz oyunçu kimi möhkəmləndirməyə çalışır. İran bu gün ikili vəziyyətdədir: bir tərəfdən iqtisadi təzyiqlər, sanksiyalar və təhdidlər onu danışıqlara məcbur edir, digər tərəfdən isə nüvə sahəsində irəliləyiş bir rıçaq rolunu oynayır. ABŞ-İran danışıqlarının iflası qaçılmaz olaraq Yaxın Şərqdə gərginliyin artmasına gətirib çıxaracaq. Bu halda İsrailin zərbələr endirmə ehtimalı, eləcə də İranın nəzarətində olan qüvvələrin regionda fəallaşması artacaq”, - deyə Simonov bildirib.

Onun sözlərinə görə, bu, genişmiqyaslı eskalasiya deməkdir və Vaşinqton belə bir ssenaridən yayınmağa çalışır.

Simonov vurğulayıb ki, müəyyən razılaşma müvəqqəti olaraq hərbi eskalasiya riskini azalda bilsə də, münaqişənin dərin səbəblərini həll etməyəcək.

“ABŞ-İran danışıqları nəticəsindən asılı olmayaraq göstərir ki, dünya uzunmüddətli gərginlik mərhələsinə daxil olub və burada diplomatiya çox vaxt sülhə deyil, müharibənin təxirə salınmasına xidmət edir”, - deyə Simonov qeyd edib.

Ukrayna məsələsi üzrə danışıqlara gəldikdə isə, o, vəziyyətin mürəkkəb olduğunu bildirib: razılaşma imkanı var, lakin ehtimal kifayət qədər aşağıdır.

“Bu danışıqlar prosesinin aktivləşməsi daha çox müharibəni dayandırmaqdan deyil, onu idarə etməkdən ibarətdir, çünki dayandırmaq üçün güzəştlər lazımdır. Bu mərhələdə danışıqlar müharibənin intensivliyini azaltmaq aləti kimi nəzərdən keçirilir, mən belə görürəm, bəlkə də yanılıram. ABŞ da vasitəçi kimi uğur qazanmaq istəyir, lakin bildiyimiz kimi, prosesdə Avropanın da əhəmiyyətli təsiri var”, - deyə o bildirib.

Cənubi Qafqazdakı proseslərə toxunan Simonov qeyd edib ki, bu region artıq geosiyasi yenidənqurma mərhələsindədir. “Proses davam edir və bəli, Cənubi Qafqazda çox şey digər cəbhələrdə gedən danışıqlardan da asılıdır”, - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna   ABŞ   İran   Simonov  


Bizi "telegram"da izləyin